advertiselogin privacy policy
Press Relizlər Xidmətlər Əlaqə
   

http://www.525ci.com/aze/2007/04/04/read=44
04 Aprel 2007-cı il N 56(2406)

"Vətəndaş cəmiyyətinə dəstək" koalisiyası yaradıldı
38 QHT VƏTƏNDAŞ CƏMİYYƏTİNİN İNKİŞAFINA ÇALIŞACAQ

Ötən gün Beynəlxalq Mətbuat Mərkəzində "Vətəndaş cəmiyyətinə dəstək" koalisiyasının təqdimat mərasimi keçirilib. Koalisiya 38 qeyri-hökumət təşkilatının iştirakı ilə yaradılıb. Beynəlxalq Avropa Hərəkatı Azərbaycan Hazırlıq Komitəsinin rəhbəri Razi Nurullayev koalisiyanın yaranmasından danışaraq, onun fəaliyyət istiqamətlərindən söz açıb: "Vətəndaş cəmiyyətinə dəstək" koalisiyası 17 mart 2007-ci ildə yaradılıb. Həmin yığıncaqda koalisiyanın bəyannaməsi, əsasnaməsi və prioritet istiqamətləri qəbul olunub. 9 nəfərdən ibarət Şura və 5 nəfərdən ibarət monitorinq qrupu seçilib. Xatırladım ki, koalisiyada Azərbaycanın bir çox bölgələri təmsil olunur. Şuranın 19 mart toplantısında isə mən koalisiyanın icraçı katibi seçilmişəm. Fəaliyyətimizdə 4 məsələni prioritet kimi götürmüşük. Bunlar vətəndaş cəmiyyətinin inkişafı, demokratikləşmə, ictimai siyasət və regional inteqrasiya məsələsidir. Başlıca missiyamız vətəndaş cəmiyyəti quruculuğunda ölkə vətəndaşlarının iştirakını təmin etməkdir". Azərbaycanda vətəndaş cəmiyyətinin, vətəndaş təsisatlarının zəif olması barədə fikirlərin mövcud olduğunu bildirən R.Nurullayev bunun aradan qaldırılması üçün əllərindən gələn hər bir işi görəcəklərini söyləyib: "Faktdır ki, vətəndaş cəmiyyəti güclü olan ölkələrdə iqtisadiyyat sürətlə inkişaf edir. Bizim məqsədimiz vətəndaş cəmiyyətinin inkişafına nail olmaqdır. Biz siyasi təşkilat deyilik və siyasi fəaliyyətlə məşğul olmayacağıq, sadəcə, vətəndaş cəmiyyətinin formalaşmasına töhfəmizi verəcəyik". Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov cəmiyyətdə çoxlu anormallıqların olduğunu vurğulayıb. O, bunu cəmiyyətin yetərincə inkişaf etməməsilə əlaqələndirib. E.Hüseynov dövlətin istəyilə vətəndaşların istəyinin birləşdirilməsinin vacib olduğunu qeyd edib. Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu regionların vətəndaş cəmiyyətinin inkişafına daha böyük ehtiyacının olduğunu bildirib: "Vətəndaş cəmiyyətinin inkişafına daha çox regionların ehtiyacı var. Çünki region əhalisi hüquqlarını bir o qədər də bilmirlər. Hesab edirəm ki, bu işdə dövlət strukturları ilə də işləmək lazımdır. Ümumiyyətlə, koalisiyanın yaranması təqdirəlayiq haldır". Hüquq müdafiəçisi Çingiz Qənizadə və digər çıxışçılar "Vətəndaş cəmiyyətinə dəstək" koalisiyasının yaranmasını mühüm addım hesab edərək, bunun cəmiyyət üçün xeyirli olacağını vurğulayıblar.

AQİL

flowers